Bu gün Ümumdünya Radio Günü qeyd edilir
Radio ən əlçatan kütləvi informasiya vasitəsidir. Bütün dünyada, hətta ən ucqar kənd rayonlarında milyonlarla insan radionu dinləyir. Eyni zamanda radio dəyişməyə, yeni format və platformaları mənimsəməyə davam edir.
BMT 13 fevral tarixində Ümumdünya Radio Gününü qeyd edir. Bu il onun mövzusu "Dialoq, dözüm və sülhdür".
“ICTnews” Elektron Xəbər Xidməti “
news.un.org” saytına istinadən yazır ki, sosial şəbəkələrin insanların bir-birindən təcrid olunmasına, yalnız oxşar baxışlara malik insanları birləşdirən təcrid edilmiş media qrupların yaradılmasına gətirib çıxartdığı bir vaxtda radio konstruktiv ictimai dialoqu dəstəkləyən ən mühüm alətdir. Radioverilişlər ən müxtəlif mövzular üzrə demokratik müzakirələr üçün platforma rolunu oynayır.
"Hətta müasir rəqəmli kommunikasiyalar dünyasında radio digər kütləvi informasiya vasitələri ilə müqayisədə daha böyük insan kütləsinə əlçatandır. Radio vasitəsilə son dərəcə vacib məlumat ötürülür və mühüm mövzular geniş işıqlandırılır. Radio, həmçinin insanların öz fikir və problemlərini paylaşa bildiyi şəxsi, interaktiv vasitədir" – BMT-nin Baş katibi Antoniu Quterrişin Ümumdünya Radio Günü münasibəti ilə bağlı müraciətində deyilir.
O, həmçinin BMT-nin sülhməramlı əməliyyatlarında radionun xüsusi rolunu qeyd edib. Radio münaqişə zonalarında yaşayan insanların məlumatlandırılmasında ən etibarlı üsuldur.
Emil Hüseynov