Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb
Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone” üçün “Spotify”, “Angry Birds”, “Pokemon Go” və “Minecraft” daxil olmaqla əksər populyar oyun və əlavədən pulsuz yararlanmaq imkanı əldə ediblər. Bu barədə “Reuters” informasiya agentliyinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, cinayətkarlar şirkətlərə “App Store” qaydalarından yan keçərək əməkdaşların daxili istifadəsi üçün əlavələr yaratmaq məqsədilə verilən korporativ sertifikatlardan istifadə ediblər.
Əlavələrin korporativ sertifikatlar proqramından istifadə üçün onlayn formanı dolduraraq 300 dollar ödəmək tələb olunub. Bu halda heç bir yoxlanış, sistem nəzarəti və təhlükəsizlik, standartlar və məlumatların şifrlənməsi mövcud olmayıb. Nəticədə “App Store” mağazasında onlarla qadağan olunmuş kontentli əlavə yayılıb.
“TutuApp” alternativ proqramlar mağazasının tərtibatçıları tərəfindən istifadəçilərə “App Store”da qiyməti 7 dollar təşkil edən “Minecraft” oyununun pulsuz versiyası təklif olunub. Digər lisenziyasız “AppValley” servisi isə “Spotify” musiqi xidmətinin pulsuz versiyasını paylaşıb.
“Apple” şirkəti qaydalara əməl etməyən tərtibatçıların diqqətinə onları “qara siyahı”ya daxil edəcəyi barədə xəbərdar edərək daha sərt autentifikasiya sisteminin tətbiq ediləcəyini bəyan edib.
Nizam Nuriyev