Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumat saxlama sistemlərinin ümumi tutumu iki dəfə artacaq


“IDC” analitik şirkəti 2023-cü ilədək dünyada quraşdırılan məlumat saxlama sistemlərinin ümumi tutumunun iki dəfə artaraq 11,7 zettabayta (1 zettabayt 1021 bayta bərabərdir) çatacağını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “IDC Global StorageSphere” seriyasına aid yeni hesabatda analitiklər tərəfindən bütün növ məlumat saxlama sistemlərinin (fərdi kompüter, server, mobil telefonlar və s.) tutumu qiymətləndirilir. Analitiklərin sözlərinə görə, dünyada yaradılan və ya təkrarlanan məlumatların yalnız 1-2 faizi müəyyən müddət ərzində saxlanma üçün mühafizə olunaraq qalır, digər məlumatlar ya dərhal analiz edilir, ya da baxılır və gələcək istifadə üçün saxlanılmır. Bununla belə, 2018-ci ildə dünyada məlumatların saxlanılması üçün əlavə olaraq 700 eksabaytdan çox tutum quraşdırılıb ki, bu da məlumat saxlama sistemi istehsalçılarına 88 milyard dollardan çox gəlir gətirib.

Korporativ məlumat saxlama sistemlərinin tutumu istehlakdan daha sürətlə artır, çünki istifadəçi məlumatları “bulud” və digər korporativ sistemlərdə saxlamağa üstünlük verirlər.  2023-cü ilədək korporativ sistemlərin payı ümumi quraşdırılmış tutumun dörddəbirini ötəcək. Nəticədə “bulud” məlumat emalı mərkəzlərinin yerləşdiyi regionlarda tutum daha sürətlə artır.

Nizam Nuriyev






19/02/19    Çap et