Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada kibertəhlükəsizlik sahəsinə xərclər ildə 10,6% yüksələcək


“Frost & Sullivan” konsaltinq şirkəti informasiya təhlükəsizliyi bazarı üzrə öz proqnozunu tərtib edib. Gözləntilərə görə, 2021-ci ilədək informasiya təhlükəsizliyi xərcləri 202,3 milyard dollar təşkil edəcək. Xərclər il ərzində təxminən 10,6% artacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, informasiya-kommunikasiya texnologiyaları, enerji, səhiyyə, sənaye və maliyyə sektoru sahələrində kibertəhlükəsizliyə böyük yatırımlar gözlənilir.
 
Analitiklərin sözlərinə görə, “Bring Your Own Device” (BYOD) konsepsiyasından istifadə edən müəssisələrin sayının artması və populyarlaşan bulud xidmətləri kibermühafizə sahəsində xidmət və məhsullara tələbatın artmasına imkan yaradıb.
 
“Frost & Sullivan” şirkəti mobil təhlükəsizlik, bulud saxlanc sisteminin təhlükəsizliyinin təmin edilməsi, potensial təhdidlərin təhlili və kiberhücumların profilaktikası sahələrində daha yüksək artım tempi proqnozlaşdırır.
 
Analitiklər bank və maliyyə sektorunda fırıldaqçı və haker hücumlarına qarşı aktiv istifadə edilən biometrik texnologiyaların tətbiq və inkişafını qlobal kibertəhlükəsizlik bazarının əsas drayverlərindən biri adlandırırlar.
 
Emil Hüseynov






20/02/19    Çap et