Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti 4 nüvəli prosessora malik “Edge” smartfonu hazırlayır
Veb-mənbələrin məlumatına əsasən, “HTC” şirkəti üçüncü nəsil “nVidia Tegra” platforması əsasında smartfon hazırlayır.
Qeyd edək ki, “Tegra 3” (Kal-El) platformasının əsasını 4 əsas “Cortex-A9” (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan “ARM” prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli “GeForce” qrafik kontrolleri daxildir. “HTC” şirkətinin yeni smartfonu “Edge” adlandırılacaq.
Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 4.0” simsiz əlaqə adapterləri, “HD” video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və “Beats Audio” audiosistemi ilə təchiz ediləcək.
Şayiələrə əsasən, sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək. Əməliyyat sistemi isə “Android” (ehtimal ki, 4.0 Ice Cream Sandwich) olacaq. “Edge” smartfonunun elanı 2012-ci ilin birinci və ya ikinci rübündə ola bilər.
10/11/11 Çap et