Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracaq


Mobil rabitə operatorlarının maraqlarını təmsil edən “GSMA” Assosiasiyası beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yayılması ilə bağlı proqnoz tərtib edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin proqnozlarına görə, 2025-ci ilədək “5G” şəbəkələrinə qoşulan qurğuların sayı 1,4 milyarda çatacaq ki, bu da mobil bağlantıların ümumi sayının 15 faizini təşkil edəcək. Bununla yanaşı, bir sıra regionlarda göstərici daha yüksək olacaq. Məsələn, Avropada və Çində “5G” qoşulmalarının payının 30 faizə çatacağı, ABŞ-da isə onun 50 faizədək yüksələcəyi gözlənilir.  

2018-ci ildə “5G” şəbəkələri Cənubi Koreya və ABŞ-da kommersiya istifadəsinə verilib. 2019-cu ildə onun daha 16 böyük ölkədə istismara verilməsi gözlənilir. Assosiasiyanın hesablamalarına görə, hazırda dünya mobil rabitə operatorları kəskin rəqabət və hakimiyyət tərəfindən təzyiq şəraitində şəbəkələrin genişləndirilməsinə və modernləşdirilməsinə 160 milyard dollara yaxın investisiya yatırırlar.

Beşinci nəsil mobil rabitə şəbəkəsinin yaxın 15 ildə dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracağı proqnozlaşdırılır. Texnologiyanın tətbiqindən daha çox istehsal, energetika, maliyyə və peşə xidmətləri kimi sektorlar faydalanacaq.

Mobil texnologiyaların iqtisadiyyata töhfəsinə gəldikdə, hesabatda deyilir ki, 2018-ci ildə onlar dünyada ÜDM-nin 4,6 faizini hasil ediblər ki, bu da 3,9 trilyon dollarlıq iqtisadi dəyərə bərabərdir. Analitiklərin proqnozlarına görə, 2023-cü ilədək bu töhfə 4,8 trilyon dollaradək (ÜDM-nin 4,8 faizi) artacaq.

Nizam Nuriyev






26/02/19    Çap et