Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“microSD Express” mobil qurğular üçün yeni yaddaş kartı standartıdır
Yaddaş kartları standartlarının yaradılması üçün məsuliyyət daşıyan "SD Association" qeyri-kommersiya təşkilatı "MWC 2019" sərgisində yeni "microSD Express" formatını nümayiş etdirib. O, fərdi kompüterlər üçün yüksəksürətli bərkcisimli toplayıcılarda tətbiq edilən ikinci kontakt sırası və "NVMe 1.3" və "PCIe 3.1" interfeyslərinin dəstəyi ilə təchiz olunub. Beləliklə, yeni kartlar məlumatların daha yüksək sürətlə ötürülməsini təmin edəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "microSD Express" maksimum 985 meqabit/saniyə sürətini dəstəkləməklə əvvəlki standartla əks uyğunluğu qoruyur. Belə kartlar müxtəlif variantlarla təklif olunacaq: "microSDHC Express", "microSDXC Express" və "microSDUC Express".
"microSD Express" mobil sənayeyə mobil qurğuların çıxarılabilən bərkcisimli toplayıcılarla təchiz edilməsi üçün tam yeni seçim təqdim edir. Bu format istehlakçıları və mobil qurğu istehsalçılarını məlumatların uzunmüddətli saxlanılması üçün daim artan tələbatı ödəməyə hazırlayır", – "SD Association" prezidenti Xiroyuki Sakamoto bildirib.
Məlumatların yüksək sürətlə ötürülməsi ilə yanaşı, "microSD Express" kartları "microSD" formatlı standart kartlarla müqayisədə enerjiyə daha çox qənaət edir. Onlar "PCIe 3.1" interfeysində müəyyənləşdirilən L1.1 və L1.2 enerji təminatı rejimlərini dəstəkləyəcəklər. Onlar, həmçinin prosessorla əlaqəni yoxlamadan digər komponentlərlə birgə işləmək imkanından yararlanırlar ki, bu da çoxfunksiyalılığı xeyli sürətləndirir.
"microSD Express" formatlı ilk kartların satışa çıxarılma müddəti hələlik məlum deyil.