“5G” şəbəkəsini dəstəkləyən “Sony” smartfonu nümayiş olunub
“Sony” şirkəti Barselonada keçirilən “MWC 2019” sərgisində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonun prototipini nümayiş etdirib. “Qualcomm” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan qurğu “X50” “5G”-modeminə malik yeni “Snapdragon 855” prosessoru əsasında yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, təqdim edilən prototip qabaqcıl “Xperia 1” modelinə çox bənzəyir. Qurğu tərəflərinin nisbəti 21:9 təşkil edən eyni uzadılmış displeylə təchiz edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu 6 QHs spektr tezliklərində 5 millimetrlik radiodalğalardan və məlumatların ötürülməsindən istifadə edir.
Baş menecer Adam Marş bildirib ki, “Sony” şirkətinin gələcək “5G” qurğuları yeni texnologiyaların işinin nümayişi üçün yaradılan prototipdən fərqlənəcək. Bununla yanaşı, şirkət “5G” dəstəyinin tezliklə tətbiqini planlaşdırmır.
“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev