Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” şəbəkəsində ilk videozəng edilib


Çinin “ZTE” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) ilk uğurlu videozəng edib. İstehsalçı sınağı İtaliyanın “Wind Tre” rabitə operatoru və “Open Fiber” telekommunikasiya şirkəti ilə birgə həyata keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, eksperimental videozəng zamanı “ZTE” şirkətinin kompleks həllərindən istifadə olunub. Videobağlantı seansı iki “ZTE 5G” smartfonundan istifadə edilməklə həyata keçirilib. Onlardan biri İspaniyanın Barselona, digəri isə “ZTE” şirkətinə məxsus “5G” Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin yerləşdiyi İtaliyanın Lakuil şəhərində olub. Videokontentin birbaşa translyasiyası “ZTE” şirkətinin “MWC 2019” sərgisində quraşdırılan stendində yayımlanıb.

Çin istehsalçısının nümayəndələri qeyd edir ki, hazırda şirkət “5G” ilə bağlı məsələlərdə dünyanın 30 aparıcı operatoru ilə əməkdaşlıq təcrübəsi toplayıb. Şirkət tərəfindən artıq yeni nəsil şəbəkəsinin qurulmasının ilk mərhələsində tələbatı ödəyəcək tam kommersiya məhsulları təqdim edilib.

“ZTE”, “Wind Tre” və “Open Fiber” şirkətləri İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin 2018-2020-ci illər ərzində Lakuil Universiteti ilə birgə keçirilən “5G” eksperimentində iştirak edirlər. Proqramın istifadəyə verilməsindən sonra ötən müddətdə tərəfdaşların birgə səyi nəticəsində Avropada ilk kommersiya istifadəsinə verilməmiş “5G” şəbəkəsi yaradılıb.

Nizam Nuriyev






01/03/19    Çap et