“Apple” qurğularının 80 faizi “iOS 12” sistemi ilə işləyir
“iOS 12” əməliyyat sistemi “Apple” qurğularının 80 faizinə (hər 5 qurğunun 4-ü) quraşdırılıb. Bu barədə “Apple” şirkətinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, müqayisə üçün qeyd edək ki, “iOS 11” hətta ötən ilin aprelində 76 faiz paya sahib olub – yayılma tempinə görə “iOS 12” sistemindən geri qalıb. Hazırda “iOS 11” sisteminin “Apple” qurğularında payı 12 faiz təşkil edir. Son dörd ildə buraxılan qurğulara gəldikdə, “iOS 12” və “iOS 11” sistemlərinin payı müvafiq olaraq 83 və 12 faizə bərabərdir.
“iOS 12” sisteminin başlıca xüsusiyyəti proqramlar və kamera daxil olmaqla yüksək məhsuldarlıqdadır. “Apple” nümayəndələrinin sözlərinə görə, “iOS 12” sistemində əlavələr 40 faiz tez işə salınır, klaviatura 50 faiz, kamera isə 70 faiz sürətli işləyir.
Bundan əlavə, “Siri” səsli köməkçi funksiyası üçün ona istənilən əlavədə işləməyə imkan verən “Shortcuts” proqram genişlənməsi əlavə edilib. Həmçinin “Siri” üçün əvvəlcədən komandalar və əsas ifadələr yazmaq mümkündür.
Yeni “iOS” platformasına real həmsöhbətlərin emosiyalarını və fərdi xüsusiyyətlərini təkrarlayan “Memoji” adlı fərdi animasiya emodziləri əlavə olunub.
Həmçinin istifadəçilər yeni “Screen Time” sistemi sayəsində qurğularla iş vaxtına nəzarət edə biləcəklər. Bundan başqa, “FaceTime” proqramında 32 nəfərdən ibarət qrup şəklində videozənglər imkanı istifadəyə verilib, “Face ID” texnologiyası isə iki sifəti tanımağa başlayıb.
Daha bir dəyişiklik bildirişlər panelinə aiddir: “iOS 12” indi bir əlavənin bildirişlərini qruplaşdıra bilir. Həmçinin “iOS” sistemi “ARKit” əlavə reallıq platformasının yenilənmiş versiyası ilə təchiz edilib. O, eyni anda eyni əlavə reallığı müxtəlif qurğularda istifadə dəstəyinə malikdir.
Nizam Nuriyev