Yeni mobil əlavə eşitmə qabiliyyətini yoxlamağa imkan verəcək
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istifadəçilərə eşitmə qabiliyyətini yoxlamağa imkan verən yeni mobil əlavə təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
UN” resursuna istinadən yazır ki, smartfona pulsuz yüklənilən “hearWHO” adlı proqram qulaqcıqla musiqini uca səslə dinləyənlər, yüksək səs-küylü istehsalatda işləyənlər, karlığa səbəb olacaq tibbi preparatlar qəbul edənlər və yaşlı insanlar üçün nəzərdə tutulub.
Təşkilat mütəxəssisləri qeyd edir ki, əksər insanlar qulaqların “cingildəməsi” kimi eşitmə qabiliyyətinin itirilməsinin ilk simptomlarını hiss etmir və ya buna əhəmiyyət vermir. Ekspertlər bildirir ki, erkən diaqnostika eşitmə qabiliyyətinin itirilməsi və karlığın profilaktikasında vacib rol oynayır.
ÜST, həmçinin qeyd edir ki, 2050-ci ilədək dünyada hər onuncu insan ciddi eşitmə pozğunluğundan əziyyət çəkəcək. Bu isə dünya iqtisadiyyatına ildə 750 milyon dollar ziyan vuracaq.
Nizam Nuriyev