Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemli smartfonlara onlarla yoluxmuş proqram yüklənilib


Hakerlər rəsmi “Google Play” mağazasında “Android” əməliyyat sistemi üçün 206 mobil əlavəyə zərərli kod quraşdırıblar. Yoluxmuş proqramların ümumi yüklənmə sayı isə 150 milyona çatıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “SimBad” adlı zərərli kampaniya “Check Point” şirkətinin əməkdaşları tərəfindən aşkarlanıb. Təhlükəli kod fişinq, istifadəçiyə reklamın göstərilməsi və onun məlumatlarının toplanması kimi bir neçə məqsəd güdür.

Məlumata görə, əksər yoluxmuş proqramlar daim fon rejimində reklam göstərən, eləcə də brauzer açan (hakerlərin göstərdiyi istinadlara keçməklə) oyun simulyatorları olub.

Bundan başqa, zərərli proqram təminatı saxta fişinq səhifələri yarada bilir. Ləğv olunmamaq üçün yüklənilən əlavələrin nişanları qurbanın qurğusunda gizlədilir.

Mütəxəssislər əmindir ki, orijinal proqram sahibləri müdaxilə haqqında məlumatsız olublar. “Google Play” nümayəndələri problemli əlavələr barədə xəbərdar olduqdan sonra təhlükəli proqramlar mağazadan silinib.

Nizam Nuriyev






15/03/19    Çap et