Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson” şirkəti bir sıra ölkələrdə “5G” şəbəkəsini istifadəyə verəcək


İsveçin “Ericsson” şirkəti bu yaxınlarda Barselonada keçirilən Mobil Dünya Konqresində (Mobile World Congress) 10 mobil rabitə operatoru ilə beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qurulması haqqında sazişlər imzalayıb. Həmçinin 42 niyyət sazişi imzalayan şirkət ABŞ, Avropa, Asiya və Avstraliya daxil olmaqla bütün dünyada “5G” şəbəkələrinin qurulması ilə məşğuldur. Bu barədə şirkətin prezidenti və baş direktoru Borye Ekholm bildirib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “Ericsson” rəhbərinin fikrincə, “5G” kritik infrastrukturun ən vacib hissəsindən biridir. “5G” imkanlarından ilkin mərhələdə istifadəçilərin yararlanacağına baxmayaraq texnologiya sənaye müəssisələri üçün xüsusi əhəmiyyət kəsb edir. B.Ekholm qeyd edib ki, “Ericsson” mobil robot texnikası və avtonom elektrik avtomobillər sahəsində birgə işlər aparır.

Onun sözlərinə görə, “Ericsson Radio System” ailəsinə aid şəbəkə avadanlığı 2015-ci ildən “5G” tələblərinə cavab verir. Lakin distansiyalı yeni proqram təminatının quraşdırılması sayəsində avadanlıq “5G New Radio” (NR) standartı ilə uyğunluq təşkil etməyə başlayıb. Spektrin “Ericsson” texnologiyası üzrə ayrılması eyni diapazonda “4G” və “5G” trafikini ötürməyə imkan verir ki, bunu da indiyədək bir sıra mütəxəssislər qeyri-mümkün hesab edib. “Ericsson” prezidentinin qənaətinə görə, bu texnologiya hazırda “5G” şəbəkəsinin mövcud tezlik diapazonlarında tətbiqi üçün ən qənaətcil üsuldur.  

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev






15/03/19    Çap et