Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın aylar ərzində qrafen əsasında işləyən ilk qurğu təqdim edilə bilər


Böyük Britaniyada işləyən rus əsilli Konstantin Novoselov və Andrey Qeym 2004-cü ildə qrafen maddəsini kəşf ediblər. Artıq bu hadisədən 15 il ötməsinə baxmayaraq, dünya möcüzəvi qrafen maddəsinin təsiri altında dəyişməyib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, problem yalnız qrafen maddəsinin istehsalının baha və çətin olması ilə bağlı deyil, həmçinin bu gün kommersiya bazarında əlçatan olan qrafenin, demək olar, hamısının saxta olması ilə bağlıdır. Lakin Kembric Universitetinin press-relizinə inansaq, bu vəziyyət tezliklə dəyişə bilər. Məlumata görə, dünyanın ən nüfuzlu təhsil müəssisələrindən birinin keçmiş əməkdaşları tərəfindən yaradılmış "Paragraf" şirkəti bu möcüzəvi materialın kütləvi kommersiya istehsalı üsulunu tapıb.
 
2018-ci ildə "Paragraf" şirkəti ilk kommersiya tipli məhsulların hazırlanması üçün 2,9 milyon funt sterlinq dəyərində maliyyə yardımı alıb. 1 il sonra universitetin nümayəndələri bildiriblər ki, "Paragraf" şirkəti diametri 20 sm-dək olan materialdan lövhələr istehsal etməklə sənaye miqyasında qrafen istehsalına başlayıb. İndi şirkətdə 16 nəfər çalışır və artıq 8 patent üçün ərizə verilib.
 
Press-relizə əsasən, yaxın aylar ərzində qrafen əsasında işləyən ilk elektron qurğu əlçatan olacaq. Hərçənd ki sənəddə qurğu haqqında məlumat verilmir, qrafenin tətbiqi, demək olar, sonsuzdur: bu material poladdan 200 dəfə daha möhkəmdir və elektron qurğuların əksəriyyətində istifadə edilən mislə müqayisədə istiliyi 10 dəfə daha yaxşı keçirir.
 
Bundan başqa, qrafen silisiumla müqayisədə elektrik enerjisini 250 dəfə daha yaxşı keçirir. Kembric Universitetinin əməkdaşlarının fikrincə, müasir tranzistorlarda silisium çiplərin əvəzinə qrafen çiplərdən istifadə edilsə, onda elektron qurğuların sürəti 10 dəfə yüksələ bilər.
 
Emil Hüseynov





16/03/19    Çap et