Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda Dron Olimpiadası keçiriləcək
Cari il mart ayının 30-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və “RoboPark”-ın tərəfdaşlığı ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Sabis Sun Beynəlxalq Məktəbində Dron Olimpiadası keçiriləcək.
Olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arası 60 şagird 3 kateqoriya üzrə ən uğurlu pilot olmaq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, onlar ötən ilin sentyabr ayından etibarən AREA-nın “Mən pilotam” dron tədris proqramında hazırlıqlara başlayıblar.
Şagirdlər öz gücünü “Drone Race”, “Drone Football” və “Drone Challenge” olmaqla 3 fərqli kateqoriyada sınayacaqlar. Onlar “Drone Race” kateqoriya üzrə ən sürətli pilot olmaq üçün yarışacaqlar. Şagirdlərin ən çox sevdiyi kateqoriya olan “Dron Football”-da dronlarla havada futbol oynanılacaq. Şagirdlər arasında ən böyük rəqabət “Drone Challenge” kateqoriyasında olacaq.
Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif ediləcəklər.
16/03/19 Çap et