İlk “ağıllı” “Huawei” eynəyi təqdim olunub
Çinin “Huawei” şirkəti qurğular çeşidində ilk “ağıllı” eynək təqdim edib. İstehsalçının qulaqcıq əvəzi kimi qələmə verdiyi yeni qurğunun çərçivəsinə dinamik, mikrofon, antena və akkumulyator quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, məlumata görə, eynək videokamera ilə təchiz edilməyib. Bu, şirkətin məxfiliklə bağlı problemləri aradan qaldırmaq istəyi ilə izah edilir. Bununla əlaqədar qurğunun funksional imkanları, məsələn, “Google Glass” ilə müqayisədə məhduddur.
Bildirilir ki, eynək simsiz enerjidoldurma dəstəyinə malik 2200 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. “Huawei” nümayəndələrinin sözlərinə görə, bu, dünyada “NFC” texnologiyası əsasında simsiz enerjidoldurmaya malik ilk qurğudur. Enerjidoldurma prosesi barədə ətraflı məlumat verilmir.
Cənubi Koreyanın “Gentle Monster” brendi ilə birgə yaradılan “ağıllı” eynək adi dizayn eynəyinə çox bənzəyir və müstəqil qurğu olmamaqla smartfon üçün “Bluetooth” vasitəsilə qoşulan aksesuar rolunda çıxış edir. Bundan əlavə, qurğu “IP67” standartı üzrə suyadavamlı və tozkeçirməzdir.
Eynəkdə səslənən musiqinin ətrafdakı insanlara mane olmaması və onların danışıqları dinləməməsi üçün yarımaçıq qulaqcıq nəzərdə tutulub. İstifadəçilər eynəyin əyri dəstəyinə basmaqla zəngləri cavablandıra biləcəklər.
İyulda satışa çıxarılacaq “ağıllı” “Huawei” eynəyinin qiyməti açıqlanmır. Alıcılara adi və gündən qorunma şüşələrə malik modifikasiyalar təklif olunacaq.
Nizam Nuriyev