“Əşyalar interneti” üçün şəbəkələr quran mobil operatorların sayı artır
Martda “NB-IoT” (narrowband IoT) və ya “LTE-M” texnologiyaları əsasında şəbəkələr quran dünya mobil operatorlarının sayı 102-yə çatıb. Bu barədə Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyasının (Global mobile Suppliers Association - GSA) məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, “NB-IoT” və ya “LTE-M” ümumilikdə 52 ölkədə fəaliyyət göstərir, 19 ölkədə isə 20 operator tərəfindən hər iki texnologiyadan istifadə edilir.
“NB-IoT” “Əşyalar interneti”nin inkişafı üçün rəqabətli həllərlə müqayisədə enerji səmərəliliyi ilə fərqlənən və qısa məlumatları yüksək sürətlə ötürmək qabiliyyətinə malik əsas rabitə standartıdır. “NB-IoT” standartına keçmək üçün operatorların infrastrukturu yenidən qurmasına ehtiyac yoxdur. Belə ki, baza stansiyalarının lazımi əhatə dairəsini təmin edəcək proqram təminatını yeniləmək yetərlidir.
“LTE-M” texnologiyası “NB-IoT” standartının alternatividir. Hər iki standart uzaq təsir radiuslu enerji səmərəliliyinə malik şəbəkə (Low-power Wide-area Network – LPWAN) texnologiyası əsasında işləyir.
Assosiasiyanın hesabatına görə, martın sonunda 69 ölkənin 149 operatoru tərəfindən “NB-IoT” və “LTE-M” standartlarına və ya bu şəbəkə texnologiyalarından birinə investisiya yatırılıb. Bundan başqa, 50 dövlətin 88 operatoru tərəfindən “NB-IoT” əsasında şəbəkələr istifadəyə verilib, 24 ölkənin 34 şirkəti isə “LTE-M” standartından istifadə etməklə şəbəkələr qurub.
Nizam Nuriyev