Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin 65%-i məlumat itkisi ilə üzləşir


Məlumatların ehtiyat surətinin çıxarılması üzrə sistemlərin istehsalçısı olan “Acronis” şirkəti istifadəçi məlumatlarının itkisi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, respondentlərin 65%-i deyib ki, 2018-ci ildə ya onlar özləri, ya da onların qohumlarından kimsə faylların təsadüf nəticəsində silinməsi, aparat və ya proqram təminatında baş verən nasazlıq nəticəsində məlumat itkisi ilə üzləşiblər. 2017-ci illə müqayisədə belə istifadəçilərin sayı təxminən 30% artıb.
 
İstifadəçilər şəxsi məlumatlarına xüsusi önəm verməyə başlayıblar. Rəyi soruşulanların 69,9%-nin silinmiş fayl, şəkil, video və başqa informasiyanın bərpasına 50 dollardan çox ödəniş etməyə hazır olması buna sübutdur. Ötən il respondentlərin yalnız 15%-i ödəniş etməyə hazır idi.
 
Əksər şirkətlər üçün məlumatların mühafizəsi mühüm məsələdir. Şirkətlərin 25,1%-i hər ay, 24,8%-i hər həftə, 25,9%-i isə hər gün məlumatların ehtiyat surətini çıxarır. Nəticədə şirkətlərin 68,7%-i ötən il məlumat itkisinə görə problem yaşamayıb.
 
Emil Hüseynov




29/03/19    Çap et