“Google” pilotsuz təyyarələrin köməyilə dünyada ilk çatdırılma xidmətini istifadəyə verib
“Google” şirkəti Avstraliyanın paytaxtı Kanberra şəhərində pilotsuz uçan aparatların köməyilə dünyada ilk kommersiya yönümlü çatdırma xidmətini istifadəyə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, artıq məlumdur ki, sürücüsüz idarə olunan təyyarələr yemək, içki, dərman və başqa malları birbaşa evə çatdıracaqlar. İlkin mərhələdə “Project Wing” xidməti yalnız 100 ev üçün xidmət göstərəcək, ancaq yaxın aylarda çatdırılma zonasını genişləndirmək planlaşdırılır. Sürücüsüz təyyarələrin köməyilə öz müştəriləri üçün məhsulların çatdırılması haqqında razılaşmanı artıq 12 yerli müəssisə imzalayıb.
Kanberrada pilotsuz təyyarələrdən istifadə ilə bağlı razılıq Avstraliyanın Mülki Aviasiya İdarəsi (CASA) tərəfindən verilib. 18 ay müddətində keçirilmiş sınaqlar zamanı heç bir qəza hadisəsi baş verməyib.
CASA-nın nümayəndəsi bildirib ki, pilotsuz təyyarə xidməti insanlar, hava gəmiləri və yaşayış binalarına təhlükə yaratmır. Amma çatdırılma xidməti günün müəyyən vaxtında işləyəcək.
Məlumata görə, sınaqlar zamanı bəzi sakinlər dronlar tərəfindən yaradılan səs-küydən şikayət ediblər, buna görə “Project Wing” üçün daha səssiz pilotsuz təyyarə hazırlanıb.
Emil Hüseynov