2018-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcmi 474,6 milyard dollaradək artıb ki, bu da 2017-ci ildən 12,5 faiz çoxdur. Bu barədə "Gartner" analitik şirkətinin hesabatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, hesabata görə, artımı zəifləyən bazarın həcmi 2017-ci ildə 21,9 faiz təşkil edib və bu, əsasən yaddaş mikrosxemləri seqmentinin artımının zəifləməsi nəticəsində baş verib. O, 2017-ci ildə pul ifadəsində 61,8 faiz, 2018-ci ildə isə 24,9 faiz artıb. "DRAM" yaddaş modulları üçün orta qiymətlər 2018-ci il ərzində bahalaşmaqda davam edib, lakin dördüncü rübdə ucuzlaşmağa başlayıb və analitiklərin proqnozlarına görə, azalma cari ilin sonunadək davam edəcək. Bununla belə, mikrosxemlər seqmenti mikroelektronika bazarının ən böyük seqmenti olaraq qalır.
Yaddaş modullarının satışının yüksəlməsi sayəsində "Samsung Electronics" şirkəti bazar payına görə "Intel" istehsalçısı ilə fərqi artırıb. 2018-ci ildə Cənubi Koreya istehsalçısının dünya satış həcmində payı 15,5 faizə, "Intel" şirkətinin isə 14 faizə bərabər olub. Lakin yaddaş modulları üçün qiymətlərin ucuzlaşmasının "Samsung" şirkətinin birinciliyi əldən verməsi ilə nəticələnəcəyi ehtimal olunur. Mədaxili 37,4 faiz artan "SK hynix" şirkəti 7,6 faiz payla üçüncü yerdə qərarlaşıb.
Böyüklüyünə görə ikinci seqment olan xüsusi təyinatlı standart sxemlərin (ASSP) həcmi 5,1 faiz yüksəlib. Bu sxemlər ilk növbədə smartfon və planşetlər üçün lazımdır, lakin onların satışında artım müşahidə edilmir.
Nizam Nuriyev