“Gartner” tədqiqat şirkətinin məlumatına görə, 2019-cu ildə informasiya texnologiyalarına qlobal xərclər 1,1% yüksələrək 3,79 trilyon dollar təşkil edəcək. Ekspertlər cari ilin yanvarında İT xərclərinin 3,2% artacağını bildirmişdilər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "ilk növbədə ABŞ dollarının mövqeyinin möhkəmlənməsi ilə əlaqədar yaranmış valyuta problemləri bizi 2019-cu ilin İT xərcləri üzrə proqnozuna yenidən baxmağa məcbur edib” – “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Con Devid Lavlok deyib".
Korporativ proqram təminatı İT sahəsində ən sürətlə inkişaf edən istiqamətdir. “Gartner”in proqnozuna görə, 2019-cu ildə proqram təminatı satışından əldə olunan gəlir qlobal miqyasda 7,1% yüksələrək 427 milyard dollar olacaq. 2020-ci ildə isə bu göstərici 8,2% artaraq 462 milyard dollara yaxınlaşacaq.
Həmçinin İT xidmətlər seqmentində artım gözlənilir. 2019-cu ildə bu istiqamətdə qlobal xərclər 3,5% yüksələrək 1 trilyon dollar təşkil edəcək.
Emil Hüseynov