Çinin "Meizu" şirkəti yeni qabaqcıl "16s" smartfonunu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, "Mezu 16 s" modeli 6,2 düym diaqonallı və FHD təsvir ölçülü "Super AMOLED" ekranla təchiz olunub. Displeyin effektiv sahəsi 91,53 faiz təşkil edir. Daktiloskopik skaner ekranın alt hissəsində quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 20 meqapikselə bərabərdir.
Qurğunun arxa panelində 48 meqapikselli və f/1.7 aperturlu əsas modula və 20 meqapikselli f/2.6 aperturlu ikinci modula malik qoşa kamera yerləşir.
Qabaqcıl "Qualcomm Snapdragon 855" prosessoru ilə təchiz edilən "Meizu 16s" modeli 6 və ya 8 giqabayt operativ yaddaşa malikdir. Quraşdırılmış yaddaş tutumu isə 128 yaxud 256 giqabayt təşkil edir. 7,6 millimetr qalınlığında qurğu 3600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və sürətli enerjidoldurmanı dəstəkləyir.
"Flyme 7.3" proqram təminatlı "Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon "Bluetooth 5.0" və "NFC" ilə təchiz olunub və oyunlarla iş üçün yeni "Hyper Gaming" rejiminə malikdir.
Aprelin 28-dən etibarən satışa çıxarılacaq "Meizu 16s" smartfonunun 6 giqabaytlıq operativ yaddaş və 128 giqabayt quraşdırılmış yaddaş tutumlu versiyasının qiyməti 475 dollar, 8 giqabayt operativ yaddaş və 256 giqabayt quraşdırılmış yaddaşlı versiyasının isə 520 dollar təşkil edəcək.
Nizam Nuriyev