Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Britaniya səfiri ilə görüşüb


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmenlə görüşüb.

Nazir Əli Abbasov səfiri təyinatı ilə əlaqədar olaraq təbrik edib, ona fəaliyyətində uğurlar diləyərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin son illər həyata keçirdiyi işlər, o cümlədən reallaşması nəzərdə tutulan layihələr – “Regional İnnovasiya Zonaları”, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihələri, “Elektron-hökumət” Dövlət Proqramı haqqında məlumat verib.  Daha sonra nazir bu yaxınlarda Çinin Dalyan şəhərində keçirilən Dünya İqtisadi Forumunda “British Telekom”un sədri ilə görüşü xatırlayaraq bu görüşün səmərəli olduğunu vurğulayıb. Nazir Azərbaycanın müvafiq qurumlarının “British Telekom”la əməkdaşlığına da toxunub.

Səfir öz növbəsində “British Telekom”la RİTN-in əlaqələrinin mövcud olmasından məmnun qaldığını bildirib və gələcəkdə Britaniyanın digər aparıcı şirkətləri, xüsusilə “Vodafon” kimi böyük operatorla birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Görüş zamanı səfir Böyük Britaniyanın peyk rabitəsi sahəsində ixtisaslaşan “SSTL” şirkətinin “Azərkosmos” ASC-nin həyata keçirəcəyi tenderdə mümkün iştirakını yüksək qiymətləndirib və şirkətin Azərbaycanda kosmik sənayenin yaradılmasına önəmli töhfələr verəcəyinə əminliyini ifadə edib.




12/11/11    Çap et