Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SpaceX” şirkəti kosmosa çoxlu internet peykləri buraxacaq


ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin kosmosa aşağı orbitdə işləyəcək çoxsaylı internet peyklərinin buraxılması üçün müraciətinə müsbət cavab verib. Rəsmi razılıq almadan kosmik məkana ilk peyklərin göndərilməsinə başlaya bilməyən “SpaceX” əvvəlcədən planlaşdırıldığı kimi, növbəti aydan etibarən ilk buraxılışları həyata keçirə biləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkət tərəfindən komissiyaya müraciət ötən ilin payızında edilib. Şirkət “Starlink” peyk qruplaşmasının formalaşdırılması ilə bağlı planlara qismən yenidən baxıb. Əvvəlki saziş “SpaceX” şirkətinə kosmosa Yer səthindən 1110-1325 km hündürlükdə yerləşəcək 4425 peyk buraxmağa imkan verib. Daha sonra şirkət peyklərin bir qismini 550 km hündürlükdə yerləşdirmək qərarına gəlib. Bu səbəbdən əvvəldən imzalanan sazişlərə yenidən baxılıb.

 

“SpaceX” mütəxəssislərinin fikrincə, “Starlink” peykləri aşağı hündürlükdə informasiyanı daha az yubanma ilə ötürə bilərlər. Bundan əlavə, daha aşağı orbitdən istifadə tam şəbəkənin formalaşdırılması üçün tələb olunan peyklərin sayını azaltmağa imkan verəcək. 550 km hündürlükdə olan obyektlər Yerin təsirinə daha çox məruz qaldıqlarına görə zərurət yaranan zaman onları orbitə çıxarmaq daha asan olacaq. Bu isə o deməkdir ki, işlənmiş peyklər kosmik “zibilə” çevrilməyəcəklər, çünki şirkət onları Yer atmosferinə çıxararaq orada təhlükəsiz yandıra biləcək.

 

Nizam Nuriyev






29/04/19    Çap et