“The Verge” nəşri ABŞ-ın Əmək Münasibətləri Milli Şurasının hesabatından sitat dərc edib. Məlum olub ki, 2017-ci ilin avqustundan 2018-ci ilin sentyabrınadək “Amazon” şirkətinin Baltimorda yerləşən bölməsi anbarda işləyən 300 işçini ixtisar edib. Maraqlıdır ki, ixtisar haqqında qərar menecerlər tərəfindən deyil, istehsal proseslərinin icrasına nəzarət üzrə avtomatik sistem tərəfindən qəbul edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, KİV-in təzyiqi altında “Amazon” şirkəti etiraf edib ki, belə sistem aktiv tətbiq edilir. Sözügedən sistem yalnız anbarlarda deyil, həm də malların qablaşdırılmasında, şirkətin yük maşınlarını idarə edən sürücülərə nəzarət üçün tətbiq edilir. Amma jurnalistlər işçilərin ixtisarı ilə əlaqədar tövsiyənin robotlar tərəfindən işlənib hazırlanması ilə bağlı yanlışlığa yol verirlər. İstənilən halda son qərar bölmənin rəhbəri, yəni insan tərəfindən qəbul edilir. Və standartlara cavab verə bilməyən əməkdaş dərhal işdən azad edilmir, o, yenidən təkmilləşdirmə kurslarına göndərilir.
Lakin “Amazon” şirkətinin rəsmiləri bütün işçilərə tapşırıqların yerinə yetirilməsinə dair normalar barədə və onlara riayət edilmədikdə ixtisar haqqında xəbərdar edildiyini inkar etmir. İstirahət üçün də normalar nəzərdə tutulub. Avtomatik sistem hər şeyə nəzarət edir: tualetə getmə, stulda əyləşmə və ya iş yerində ayaq üstə işsiz dayanmaq. Bundan sonra sistem işçinin vaxtdan istifadə effektivliyini hesablayır və onun şirkətdəki işinin məqsədəuyğunluğu haqqında qərar qəbul edir.
Emil Hüseynov