Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran hərbçiləri ziyanverici virusu nəzarət altına alıb


İran hakimiyyəti bazar günü bildirib ki, 2010-cu ildə İran atom elektrik stansiyasına hücum etmiş “Stuxnet” soxulcan virusuna oxşar olan “Duqu” ziyanverici proqram təminatına nəzarət üsulunu tapıblar.

O zaman “Stuxnet” soxulcan virusu İranda 30000-dən çox kompyuteri yoluxdurub. İran mülki müdafiə qüvvəsinin briqada generalı Holamreza Calalinin sözlərinə əsasən, “Duqu” virusunun silinməsi üçün İranın hazırladığı proqram təminatı artıq ölkədə dövlət idarələri və şirkətlərə yayılıb.

"Zərərverici proqram kodunun məhv edilməsi prosesi artıq başlanıb və “Duqu” virusundan ziyan çəkmiş təşkilatlar hal-hazırda vəziyyətə nəzarət edirlər. Kibermüdafiə bölmələri bu ziyanverici proqram təminatı ilə mübarizə üçün gecə-gündüz işləyirlər" - o bildirib.

Qeyd edək ki, bundan əvvəl “Duqu” virusuna yoluxmuş ölkələr arasında İran daxil olmaqla, Fransa, Böyük Britaniya, Hindistan, ABŞ və digər dövlətlər də olub. “Duqu” virusunun yayılması üzrə ilk irimiqyaslı kampaniyalar təxminən 3 həftə əvvəl qeyd edilib. Antivirus şirkətləri bildiriblər ki, “Duqu” virusunun silinməsi üçün hələ pulsuz utilit yaratmayıblar.

Bir sıra qərb kütləvi informasiya vasitələri (KİV) yazırlar ki, “Stuxnet” virusunun yaradılmasının arxasında İsrail və Amerika kəşfiyyat xidmətləri dayanıblar. Bununla belə, “Duqu” virusunun müəllifləri birmənalı olaraq müəyyən edilməyiblər.




14/11/11    Çap et