“Google” şirkəti yaxın vaxtlarda istifadəçilərə geolokasiya məlumatları və internet axtarışı üzrə tarixçənin avtomatik ləğvinə imkan verən yeni funksiyanı işə salmağa hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, funksiya “Google Account” məlumat idarəetmə mərkəzində quraşdırılacaq. İnformasiyanın avtomatik ləğvi üçün istifadəçilərə 3 və ya 18 ay olmaqla iki variantdan birini seçmək təklif ediləcək. Bu, istifadəçi məlumatlarının saxlanacağı müddətdir.
Yeni funksiya əlavələrdə, o cümlədən “Discover on Android”, “Google Maps” və “Google Play” kimi servislərdə istifadəçi aktivliyini əhatə edəcək.
Xatırladaq ki, “Google” şirkəti “My Account” (hazırkı Google Account) istifadəçi məlumatları idarəetmə mərkəzini 2015-ci ildə istifadəyə verib. 2016-cı ildə ona yeni “My Activity” bölməsi və reklam quraşdırmaları əlavə olunub.
2018-ci ilin iyununda “Google Account”un interfeysi təkmilləşdirilib.
2018-ci ilin oktyabrında isə “Google” axtarış tarixçəsinin silinməsini sadələşdirib. Hazırda bunun üçün “Google Account”a keçmək tələb olunmur. Belə ki, tarixçəni axtarış menyusundan təmizləmək mümkündür.
Nizam Nuriyev