Ölkəmizdə şahmatın kütləviliyini artırmaq məqsədilə "Buta Palace" kompleksində "Buta Chess" - təşkilatlararası şahmat turniri keçirilib.
Turnir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Vüqar Həşimov Şahmat Akademiyasının, "Buta Palace" kompleksinin təşkilatçılığı və "Bakcell" şirkətinin baş sponsorluğu ilə baş tutub.
Dövlət və özəl qurumları təmsil edən 20 komandanın qatıldığı yarışda hər komanda iki nəfər iştirakçı ilə çıxış edib.
Turnir Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaydalarına əsasən təşkil olunub. İsveçrə sistemi ilə keçirilən turnirdə yalnız həvəskar şahmatçılar iştirak edib. Oyunlar peşəkar hakimlər tərəfindən idarə olunub.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə birinciliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası qazanıb.