İstifadəçilər “Windows 10” sisteminə keçməyə tələsmirlər
“NetMarketShare” resursu masaüstü əməliyyat sistemlərinin qlobal statistikası haqqında hesabat dərc edib. Hesabata əsasən, 2019-cu ilin aprelində “Windows 10” sisteminin bazar payı tədricən artmağa davam edib və 44,10% təşkil edib, mart ayının nəticəsinə görə, bu göstərici 43,62%-ə bərabər idi.
“ICTnews” Elektron Xəbər Xidməti “
3dnews.ru” saytına istinadən yazır ki, “Windows 10” sisteminin bazar payının tədricən artmasına baxmayaraq, “Windows 7” sözügedən əməliyyat sisteminin əsas rəqibi qalmağa davam edir. Cari ilin martında “Windows 7”-nin bazar payı 36,52% təşkil edirdisə, apreldə bu göstərici 36,43%-dək azalıb. Əməliyyat sistemlərinin populyarlıq səviyyəsinin dinamikası onu göstərir ki, “Microsoft” korporasiyasının bütün cəhdlərinə baxmayaraq istifadəçilər “Windows 10” sisteminə keçməyə tələsmirlər.
Bazar payı 4,22% təşkil edən “Windows 8.1” sistemi üçüncü yerdə qərarlaşıb. Növbəti yeri 2% bazar payına sahib “Mac OS X 10.13” platforması tutub.
Emil Hüseynov