Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək
Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən, 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.
İlk Beynəlxalq Teleqraf Konvensiyasının (1865) imzalanması və Beynəlxalq Telekommunikasiya İttifaqının (1969) yaranması da məhz bu günə təsadüf edir.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”dır.
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 17 may tarixi ilə bağlı tədbir keçiriləcək.
Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciəti diqqətə çatdırılacaq.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev “Rəqəmli transformasiya mühitində standartlaşmanın rolu”, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “İT mütəxəssisi hazırlığı və sertifikatlaşma”, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə “Standartlar kibertəhlükəsizlik vasitəsi kimi” mövzularında məruzələrlə çıxış edəcək.
Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutmuş “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Qaliblər (I-IV yerlər) “Azercell” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla təltif olunacaqlar. Eyni zamanda informasiya təhlükəsizliyi üzrə “ISO/IEC 27001:2013 standartı əsasında təlim keçən 15 nəfərə sertifikatlar təqdim olunacaq.
17/05/19 Çap et