“Apple” şirkəti “MacBook Pro” noutbukunun ilk dəfə səkkiz nüvəli prosessorla təchiz edilən yenilənmiş modelini təqdim edib. Bu barədə şirkətin rəsmi saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, məlumata görə, yenilənmiş “MacBook Pro” səkkizinci və doqquzuncu nəsil “Intel” prosessorları ilə təchiz ediləcək. Bu, yeni qurğuya əvvəlki bütün modellərlə müqayisədə daha sürətli işləməyə imkan verəcək. Əvvəllər olduğu kimi, noutbuk iki ölçüdə (13 və 15 düym) və iki rəng versiyasında (gümüşü və boz kosmos) satışa çıxarılacaq.
Bildirilir ki, “MacBook Pro” noutbukunun böyük versiyası altı və səkkiz nüvəli prosessorlara malik olacaq. 13 düymlük versiya yenilənmiş dörd nüvəli prosessorla tədarük ediləcək. Kompüterlər, həmçinin çoxfunksiyalı “Touch Bar” sensor paneli ilə təchiz ediləcək.
Qeyd edək ki, 1976-cı ildə yaradılan “Apple” şirkəti “iPhone” smartfonları, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri, eləcə də digər yüksək texnologiyalı texnika istehsal edir. Mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkət dünyanın ən böyüklərindən biridir və 2018-ci ilin payızında onun bazar kapitallaşması 1 trilyon dolları üstələyib, lakin hazırda təxminən 840 milyard dollaradək azalıb.
Nizam Nuriyev