Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bağlamaların çatdırılması üçün gəzən robotlar yaradılıb


ABŞ-ın "Agility Robotics" startapı bağlamaların çatdırılması üçün "Digit" adlı yeriyən robotlar yaradıb. 2020-ci ildən yeni kuryerlərin sınaqlarına başlamaq planlaşdırılır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, robotlar şəhərdə ABŞ-ın "Ford" istehsalçısı tərəfindən təqdim ediləcək avtonom avtomobillərlə hərəkət edəcəklər. Testlərə 100-ə yaxın avtomobilin cəlb olunması nəzərdə tutulur.

 

Məlumata görə, pitsa, ərzaq və digər məhsullar çatdıracaq gəzən "Digit" robotları 18 kq ağırlığında yükqaldırma qabiliyyətinə malikdirlər. Onlar lidar (məsafəölçən) və stereokameralarla təchiz edilib. Problemlərin yaranacağı təqdirdə kuryerlər texniki dəstək əməkdaşları ilə məsafədən əlaqə saxlayacaqlar. Hazırda mütəxəssislər robotların "sleep" ("yuxu") rejimindən gec çıxması probleminin həlli ilə məşğuldurlar. Bildirilir ki, onlar hələlik işə salındıqdan sonra 30 saniyə ərzində düzgün işləmirlər.

 

"Digit" robotlarının hazırlanmasına 8,8 milyon dollar cəlb edən "Agility Robotics" şirkəti artıq onların iki ədəd birinci nəslini buraxıb. Yayın əvvəlində startap tərəfindən robotların ikinci nəslinin təqdim edilməsi planlaşdırılır. 2021-ci ilədək isə ildə 50-100 robotun buraxılacağı gözlənilir.

 

Nizam Nuriyev

 

 






23/05/19    Çap et