“Facebook” şirkəti cari ilin birinci rübündə 2,19 milyard saxta hesab silib. 2018-ci ilin dördüncü rübündə spam və yalan informasiya yayan təxminən iki dəfə daha az (1,2 milyard) saxta hesab silinmişdi.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, cari ilin birinci rübü üzrə maliyyə hesabatına əsasən, “Facebook”un auditoriyası 2,38 milyard nəfərdən ibarətdir. Şirkətin rəsmiləri deaktivasiya edilmiş saxta hesabların sayının kəskin artmasını belə izah edirlər ki, "cinayətkarlar bir dəfəyə çoxlu sayda hesab yaratmağa çalışaraq avtomatlaşdırılmış hücumlar həyata keçirirlər".
Rəsmi bloqda qeyd edilib ki, “Facebook”un mütəxəssisləri qeydiyyat mərhələsində saxta hesabları aşkar edir, etibarsız hesabları onlara giriş anında bloka salır və artıq sosial şəbəkədə qeydiyyatdan keçmiş saxta hesabları silirlər. Bütün səylərə baxmayaraq, şirkətin qiymətləndirməsinə görə, xidmətin aktiv auditoriyasının 5%-i (təxminən 119 milyon) real istifadəçi deyil.
Emil Hüseynov