Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkəti tərəfindən birgə reallaşdırılan "I2B – İdeyadan Biznesə" layihəsi çərçivəsində cari il üzrə keçirilən startap turları yekunlaşır.
Bu il Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz, Bakı, Lənkəran, Şamaxı, Naxçıvan və Zaqatala şəhərlərində təşkil olunmuş startap turlarının sonuncu ünvanı Şəki şəhəri olub.
Şəki şəhəri Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Şəki ilə yanaşı, Yevlax, Xaçmaz, Qax, Ağdaş, Mingəçevir, Oğuz, Ağdam, Balakən, Tovuz, Qəbələ, Şirvan, Zaqatala, Bərdə, Hacıqabul şəhərlərindən 80-dək gənc qatılıb.
Tədbir informativ və interaktiv hissələri əhatə edib.
İlk növbədə iştirakçılara "I2B – İdeyadan Biznesə" layihəsi haqqında ətraflı məlumat verilib, müsabiqə qaydaları izah olunub.
İnteraktiv hissədə isə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin də iştirakı ilə startap komandalar və ideyalar formalaşdırılıb.
Komandalar mentorların dəstəyi ilə təqdimatlar hazırlayaraq münsiflər heyəti qarşısında çıxış ediblər.
Sonda münsiflərin səsverməsi ilə Şəki şəhəri üzrə I yeri "Nook.az" komandası, II yeri "Biz birik!" komandası, III yeri isə "Wlab" komandası tutub.
Qalib komandalar cari ilin avqust ayının sonlarında regionlar üzrə qaliblərin iştirak edəcəyi "İnnocamp" yay düşərgəsində və oktyabrda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.
Milli Finalda ümumrespublika üzrə I, II və III yerlərin qalibləri müəyyən olunacaq və qaliblərə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək "Bakutel-2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və investorlara təqdim etmək imkanı əldə edəcəklər.