Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Logitech VR Ink Pilot Edition” qələmi virtual reallıqda rəsmlər çəkəcək


"Logitech" şirkəti virtual reallıqda rəsm çəkmə və layihələndirmə işlərinin sadələşdirilməsi üçün nəzərdə tutulan "Logitech VR Ink Pilot Edition" adlı yeni elektron qələm (stilus) təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews." resursuna istinadən yazır ki, "Valve" şirkətinin "Vive" və "HTC" virtual reallıq şlemlərində istifadə edilən mövcud virtual reallıq kontrollerindən fərqli olaraq "Logitech VR Ink Pilot Edition" stilusunu əldə adi qələm kimi tutmaq və onunla havadan düz səth üzərinə rəsm çəkməyə sərbəst keçmək mümkündür.

 

Videoçarxdan da göründüyü kimi, stilus əsasən avtomobil və təyyarələrin layihələndirilməsi zamanı üçölçülü avtomatlaşdırılmış layihələndirmə sistemi ilə iş üçün istifadə olunur, lakin şirkət nümayəndələrinin sözlərinə görə, aksesuarın daha çox sahədə tətbiqinin müəyyənləşdirilməsi üçün sənaye tərəfdaşları və proqram tərtibatçıları axtarılır.

 

Səth üzərində şəkilçəkmə üçün təzyiqə həssas ucluq ilə yanaşı, "VR Ink Pilot Edition" əlavə düymələrə, tutma idarəetmə elementləri və virtual reallıqda obyektləri idarə etməyə imkan verən "2D" sensor zolağa malikdir.

 

Stilusun avtonom iş vaxtı 2,5 saat təşkil edir. Həmçinin enerji "USB" portu vasitəsilə doldurulur.

 

Qələm izlənilmə üçün "Steam VR" həlləri ilə uyğunluq təşkil edir ki, bu da onu "Vive", "Vive Pro" və "Valve Index" şlemləri ilə birgə istifadəyə imkan verir.

 

İlin sonunadək tərəfdaşlar üçün məhdud sayda buraxılacaq "VR Ink Pilot Edition" stilusunun kütləvi istehsalına başlama müddəti və qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev

 

 

 






30/05/19    Çap et