“LG” şirkəti “8K” formatlı ilk “OLED” televizorun satışlarına başlayıb
“LG Electronics” (LG) şirkəti üzvi işıq diodlar (Organic Light Emitting Diode, OLED) texnologiyası əsasında hazırlanan “8K” formatlı dünyanın ilk televizorunun rəsmi satışlarına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
3DNews” resursuna istinadən yazır ki, söhbət 88 düym diaqonallı “LG 88Z9” modelindən gedir. Televizorun təsvir ölçüsü 7680 × 4320 piksel təşkil edir ki, bu da “Full HD” (1920 × 1080 piksel) formatını 16 dəfə üstələyir.
Məlumata görə, qurğuda güclü “Alpha 9 Gen 2 8K” intellektual prosessoru tətbiq edilib. Televizor yüksək keyfiyyətli təsviri, o cümlədən dərin qara rəngi təmin edir.
Bundan başqa, yeni qurğu “Dolby Atmos” həcmli səs texnologiyasını və maksimal realistik səsi təmin edən “ağıllı” alqoritmləri, eləcə də “HDMI 2.1” interfeysini dəstəkləyir.
Televizor bir sıra bazarlarda “Google Assistant” və “Amazon Alexa” intellektual səsli köməkçi funksiyaları ilə təklif ediləcək.
Əvvəlcə Cənubi Koreya, üçüncü rübdə isə ABŞ və Avropa bazarlarında satışa çıxarılacaq “LG 88Z9” modelinin qiyməti barədə məlumat verilmir.
Qeyd edək ki, üzvi işıq diodlu panellər (OLED) mobil qurğu istehsalçıları arasında populyarlıq qazanmaqda davam edir. Texnologiya dərin qara rəng, işıqlandırmanın olmaması, geniş rəng çalarlığı, enerjidən az istifadə, yüksək kontrastlıq və elastik ekranların istehsalına imkan verməsi kimi bir sıra üstünlüklərə malik olsa da, bəzi çatışmazlıqlar mövcuddur ki, onun da ən başlıcası diodların istismar müddətinin az olmasıdır.
Nizam Nuriyev