Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliya “5G” şəbəkəsinin istifadəyə verildiyi üçüncü Avropa ölkəsi olub


İtaliya Avropa İttifaqında İsveçrə və Böyük Britaniyadan sonra beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verildiyi üçüncü ölkə olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, İtaliyada “5G” servisləri “Vodafone” mobil rabitə operatoru tərəfindən ölkənin beş iri şəhərinin (Milan, Turin, Boloniya, Roma və Neapol) 28 bələdiyyəsində işə salınıb.

 

“Vodafone Italy” şirkətinin məlumatına görə, yaxın aylarda “5G” şəbəkələrinin qurulmasında “TIM” və “Fastweb” operatorları tərəfindən ciddi rəqabət gözlənilir.

 

Operatorun baş direktoru Aldo Bizioun sözlərinə görə, 2021-ci ildə 100-dən çox şəhər və bələdiyyə “5G” şəbəkəsi ilə təmin ediləcək. Hesablamalara görə, “5G” şəbəkələrinin tətbiqində “4G” servislərinin hazırkı əhatə dairəsinə nail olmaq üçün 4,5 il tələb olunacaq.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev






07/06/19    Çap et