Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot balıq batareya əvəzinə “qandan” istifadə edir


Tədqiqatçılar robotun "qanı" rolunu oynayan akkumulyator mayesi ilə işləyən robotlaşdırılmış balıq yaradıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, bərk cisimli batareyalarla təchiz olunmayan yumşaq robot balıq enerjini akkumulyasiya edən və balığın üzgəclərini hərəkətə gətirən ikitəyinatlı maye ilə işə salınır. Belə yanaşma robota dar məkanda daha çox enerji toplamağa və ağır və böyük akkumulyator bloklarından istifadə etmədən daha çox işləməyə imkan verir. Bu, insan müdaxiləsi olmadan tapşırıqlar yerinə yetirən robotların yaradılmasında irəliləyişdir. Uzun müddət ərzində müstəqil işləyə bilən avtonom robotların hazırlanması robot texnikasında əsas problemdir. Robotlara təkrar enerji toplamadan müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün çoxlu enerji tələb olunur. Akkumulyator sayının artırılması robotun çəkisini ağırlaşdırdığına görə onun hərəkət etməsi üçün daha çox enerji lazımdır.

 

Robotların hissələrinin hərəkəti üçün mexanizmlərdə dövr edən adi hidravlik mayedən istifadə əvəzinə, robot texnikası qrupu robotu enerji ilə təmin edən, eləcə də üzgəclərin hərəkəti üçün nasosu işə salaraq balığı üzməyə məcbur edən akkumulyator mayesini tətbiq edib. Bu yanaşma ayrıca batareya və hidravlik maye sistemi ilə təchiz edilən qurğularla müqayisədə ehtiyat enerjinin miqdarını 325 faiz artırıb. Mütəxəssislərin hesablamasına görə, robot təkrar enerji toplamadan 37 saat işləyə bilər. Akkumulyatorun olmaması, həmçinin robotun manevretmə qabiliyyətini yüksəldib. Tərtibatçıların sözlərinə görə, yeni texnologiya gələcəkdə robot və digər qurğuların səmərəliliyinin və davamlılığının artırılması üçün istifadə oluna bilər.

 

Nizam Nuriyev

 

 






21/06/19    Çap et