Populyar "Google Maps" kartoqrafik servisində müxtəlif şirkətlərə məxsus minimum 11 milyon saxta hesab mövcuddur. Hər ay onlara fırıldaqçılar tərəfindən daxil edilən 100 minə yaxın saxta akkaunt əlavə olunur. Bu barədə ABŞ-ın aparıcı "The Wall Street Journal" qəzeti məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, nəşrin jurnalistləri "Google Maps" servisinin xəritələri üzərində eksperiment aparıblar. Onlar servis vasitəsilə sanitar-texnik axtaran zaman 20 ünvandan 13-nün saxta olduğunu müəyyənləşdiriblər. Bununla əlaqədar "Wall Street Journal" qəzeti "Google Maps"də axtarış sorğularının 0,5 faizinin saxta olduğunu müəyyənləşdirən San-Dieqo Kaliforniya Universitetinin tədqiqatına müraciət edib. Məlum olub ki, "Google" şirkəti bu tədqiqatın sponsoru qismində çıxış edib.
ABŞ ekspertlərinin fikrincə, kartoqrafik servisdə saxta hesablar sorğu nəticələrində daha çox görünmək istəyən şirkətlər tərəfindən yaradılır. Bundan başqa, şirkətlərin rəqiblərin koordinatlarını özününkü ilə əvəzləyən fırıldaqçı sxemlərə rast gəlinir. Buna "Google"da profilin yaradılmasının sadə və pulsuz xarakteri imkan verir. Yeni akkauntlar SMS təsdiqləmə və ya telefon zəngi vasitəsilə minimal yoxlanışdan keçirlər.
Nizam Nuriyev