Qırx texnoloji şirkətin, o cümlədən "Facebook", "Google" və s. daxil olduğu "MLPerf" konsorsiumu süni intellektin testi üçün qiymətləndirmə metodikası və kriterilər dəsti hazırlamaq niyyətindədir. Bu kateqoriyalar üzrə süni intellekt məhsullarını ölçən şirkətlər onlar üçün optimal həlləri, təlim texnologiyalarını və s. müəyyənləşdirə biləcəklər.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "MLPerf Inference v0.5" adlanan bençmarklar diqqəti üç ümumi kompüter təlimi tapşırığına yönəldəcək: təsvirlərin tanınması, obyektlərin aşkarlanması və tərcümələr sistemi. Müxtəlif qurğularda müxtəlif məlumat emalı imkanlarını nəzərə alaraq smartfon, server və çiplər kimi fərqli platformalarda süni intellekt üçün ayrı-ayrı testlər mövcuddur.
"MLPerf" konsorsiumunun baş direktoru Piter Mettson qeyd edib ki, süni intellektin qiymətləndirmə kriterilərinin formalaşdırılması real vəziyyətlərdə yeni kompüter təlimi proqram platformalarının, aparat sürətləndiricilərinin və "bulud" və periferiya hesablama platformalarının qiymətləndirilməsi üçün standartlar yaradacaq. Bu, həmçinin kiçik şirkətlərin istifadə edə biləcəyi bərabər şəraiti yaradacaq.
Bundan başqa, standartlaşdırma süni intellekt sistemlərinin hazırlanmasını sürətləndirəcək və onu lazımi səmtə yönəldəcək. Hazırda "MLPerf Inference v0.5" bençmarklarında tətbiq edilən texniki xüsusiyyətlər barədə məlumat verilmir. Bundan əlavə, testlər dəstinin nə vaxt satışa çıxarılacağı və ondan kommersiya strukturlarının nə vaxt istifadə edəcəyi açıqlanmır. Lakin belə alətin yaradılması faktı onu göstərir ki, tərtibatçılar süni intellekt sistemləri üçün perspektiv görürlər.
Nizam Nuriyev