Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” şəbəkəsini dəstəkləyən yeni “Vivo” smartfonu təqdim olunub


"Vivo" şirkəti illik "MWC Shanghai 2019" mobil texnologiyalar sərgisi çərçivəsində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən "iQOO 5G" smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Vivo iQOO 5G" xarici görünüşünə görə martda nümayiş olunan "iQOO" modelini – "Vivo" şirkətinin eyniadlı subbrendinin ilk smartfonunu xatırladır. Yeniliyi yalnız korpusda "5G" loqotipi və karbondan hazırlanan arxa qapaq bildirir. Üst tərəfi nazik çərçivəli və damcıvari şəkildə olan ön kameranın quraşdırıldığı böyük ekran əhatə edir. Ona barmaq izi skaneri quraşdırılıb. Arxa paneldə isə üç moduldan ibarət əsas kamera yerləşir.

 

Qurğunun texniki xüsusiyyətləri tam açıqlanmır. Məlumdur ki, yeni model "X50 5G" modeminə malik səkkiznüvəli "Snapdragon 855" prosessoru üzərində qurulub. Operativ yaddaş tutumu 8 giqabayt təşkil edən smartfon "Funtouch OS 9" proqram təminatlı "Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. "Vivo iQOO 5G" modeli 44 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyir və 100 faizlik göstəriciyə 45 dəqiqə ərzində nail olur.

 

"Vivo" nümayəndələrinin sözlərinə görə, "iQOO 5G" smartfonu bu ilin üçüncü rübündə satışa çıxarılacaq. Qurğunun qiyməti hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev






28/06/19    Çap et