Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Prezidenti: “5G” şəbəkələrinin təhlükəsizliyi təmin edilməlidir”


ABŞ Prezidenti Donald Tramp "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin sammitinin ilk iclası zamanı beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) stabil və təhlükəsiz olmasının vacibliyini bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, "ABŞ-ın uğuru və rəqəmli iqtisadiyyat informasiyanın sərbəst hərəkətinə, fərdi məlumatların mühafizəsinə, kapital və innovasiyalardan istifadəyə əsaslanır. ABŞ bu yanaşmanın qorunub saxlanılmasına sadiqdir", – ABŞ Prezidenti vurğulayıb.

 

O qeyd edib ki, Vaşinqton bu prioritetlərin inkişafı üçün beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. "Rəqəmli iqtisadiyyat iqtisadi artım üçün vacib hərəkətverici qüvvədir. Eyni zamanda biz "5G" şəbəkələrinin stabillik və təhlükəsizliyini təmin etməliyik", – D.Tramp əlavə edib.

 

Bir müddət əvvəl "Wall Street Journal" qəzeti məlumat verib ki, ABŞ administrasiyası daxili istifadə üçün yeni nəsil "5G" avadanlığının Çindən kənarda hazırlanaraq istehsalını tələb edə bilər. Məlumata görə, Vaşinqton digər Asiya ölkələri ilə hazırda Çində istehsal olunan məhsulların istehsalı üçün onlara investisiya yönəltməklə bağlı ideyanı müzakirə edib.

 

Nizam Nuriyev






29/06/19    Çap et