Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar üçün çox sürətli enerjidoldurma texnologiyası hazırlanıb


Çinin “Vivo” şirkəti smartfonların enerji ilə doldurulmasını sürətləndirən yeni texnologiya təqdim edib. Şanxayda keçirilmiş Ümumdünya Mobil Konqresində təqdim edilmiş “Super FlashCharge 120W” texnologiyası 4000 milliamper/saat tutumunda akkumulyatoru 13 dəqiqə müddətində enerji ilə tam doldurur. Müasir smartfonların əksəriyyətində akkumulyator batareyasının tutumu azdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, müqayisə üçün, “Huawei” şirkəti tərəfindən cari ilin əvvəlində “Mate X” adlı qatlanan smartfonlar üçün təqdim edilmiş texnologiya 4500 milliamper/saat tutumunda akkumulyatoru 35-40 dəqiqə ərzində enerji ilə doldurur.
 
“Vivo” şirkətinin nail olduğu inanılmaz enerjidoldurma sürəti “USB-C” kabeli və 120 vatt gücündə enerjidoldurma qurğusu sayəsində təmin olunur.
 
Lakin “Super FlashCharge” texnologiyasının  batareyanın işləmə müddətinə necə təsir edəcəyi haqda məlumat yoxdur. Belə hesab edilir ki, akkumulyator nə qədər sürətli enerji toplayırsa, bir o qədər əvvəl sıradan çıxacaq.
 
Emil Hüseynov





01/07/19    Çap et