Avropada hipermiqyaslanılan məlumat emalı mərkəzləri tikiləcək
Dünyanın ən böyük məlumat emalı mərkəzi şəbəkələrindən biri olan “Equinix” şirkəti Sinqapurun “GIC” suveren investisiya fondu ilə 1 milyard dollarlıq Nizamnamə kapitalına malik birgə müəssisə yaradacaq. Yeni müəssisə Avropada hipermiqyaslanılan məlumat emalı mərkəzlərinin tikintisi ilə məşğul olacaq. Şirkət belə mərkəzlər üçün “xScale” adlanan yeni kateqoriya yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews
www.servernews.ru” resursuna istinadən yazır ki, “Equinix” şirkəti hipermiqyaslanılan məlumat emalı mərkəzlərini dünyanın nəhəng “bulud” xidməti provayderlərinin tələbatının ödənilməsi üçün tikəcək. Şirkətin müştəriləri sırasına “Alibaba Cloud”, “Amazon Web Services”, “Microsoft Azure”, “Oracle Cloud Infrastructure”, “Google Cloud” və digər “bulud” hesablama xidməti tədarükçüləri daxildir.
Sazişə görə, birgə müəssisənin səhmlərinin 80 faizi “GIC” fonduna, qalan 20 faiz – “Equinix” şirkətinə məxsusdur. Şirkət, həmçinin yeni “xScale” mərkəzləri üçün “London LD10” və “Paris PA8 International Business Exchange” (IBX) data mərkəzlərini birgə müəssisəyə satacaq.
Amsterdam, Frankfurt və Londonda inşa olunacaq “xScale” mərkəzlərinin ümumi sayı 6 ədədə çatacaq. Tikinti başa çatdıqdan sonra yeni data mərkəzlərinin ümumi gücü 155 MVt təşkil edəcək.
Nizam Nuriyev