Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” texnikası ekoloji təmiz plastikdən hazırlanacaq


Yaponiyanın “Panasonic” elektronika istehsalçısı neft xammalından hasil edilən və ətraf mühiti çirkləndirən materiallardan istifadənin azaldılması üzrə yeni trendə qoşulur. Belə ki, şirkət yaxın bir neçə ildə soyuducu, tozsoran və məişət texnikasının istehsalında bitki xammalı əsasında ekoloji baxımdan daha təmiz plastik növündən istifadə etmək niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, “Panasonic” tərəfindən hazırlanan plastikin tərkibinin 55 faizini sellüloz lifi təşkil edir və məhsul istehsalında istifadə üçün kifayət qədər möhkəmliyə malikdir.
 
Məlumata görə, materialın tərkibində plastikin azaldılması sayəsində istismar müddəti başa çatmış texnikanı adi zibil kimi utilizasiya etmək mümkün olacaq.  
 
Şirkət nümayəndələrinin sözlərinə görə, 50 faizi bitki xammalından ibarət kompozit materiallar kommersiya istehsalında nadir hallarda istifadə olunur. Bitki liflərinin yumşaq olması səbəbindən belə materialdan məişət cihazları üçün detallar hazırlamaq çox çətin olur. Lakin “Panasonic” akkumulyator istehsalı sahəsində təcrübəsindən istifadə edərək bunun öhdəsindən gəlib. Nəticədə möhkəmliyə ziyan vurmadan materialın tərkibində bitki xammalını artırmaq mümkün olub.
 
Lakin yeni materialın istehsal dəyəri adi plastiklə müqayisədə xeyli yüksəkdir. “Panasonic” digər şirkətlərlə əməkdaşlıqda ekoloji təmiz plastikdən istifadəni genişləndirməyi planlaşdırır. Məsələn, o, birdəfəlik qab-qacağın istehsalı üçün faydalı ola bilər. İnnovativ materiala tələbat olacağı təqdirdə bu, maya dəyərini azaltmağa və onun buraxılış həcmini artırmağa imkan verəcək.
 
Gələcəkdə “Panasonic” bitki plastikindən istifadəyə tam keçmək niyyətindədir.
 
Sellüloz ağac qabığı, odun və ya bitkilərin yarpağından və ya digər həll olunan materialdan əldə edilən həll olunmayan maddədir.
 
Nizam Nuriyev






08/07/19    Çap et