Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəhəng teleskopun inşasına başlanılır


İyulun 15-də Havay adalarında 30 metrlik teleskopun (Thirty Meter Telescope, TMT) tikintisinə başlanılacaq. Bu barədə yerli administrasiyanın məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “TMT” 30 metrlik güzgü seqmentinə malik iri astronomik rəsədxana layihəsidir. Layihə böyük səs-küyə səbəb olub. Məsələ ondadır ki, kompleks Havay mifologiyasında müqəddəs hesab edilən Havay adasının Mauna-Kea dağında tikilməlidir. Tikintinin əleyhdarlarının sözlərinə görə, rəsədxananın yaradılması müqəddəs dağı təhqir edəcək.
 
“ТМТ” teleskopunun inşası əvvəlcə 2011-ci ildə təsdiq edilib, ilk işlərə isə 2014-cü ilin oktyabrında başlanılıb. Lakin 2015-ci ilin yazında layihə əleyhdarları onun icrasının dayandırılmasına nail olublar. Bu dəfə isə rəsədxananın faktiki yaradılmasının bir neçə günə bərpa ediləcəyi bildirilir.
 
Məlumata görə, teleskopun güzgüsü ümumi sahəsi 655 kvadratmetr təşkil etməklə hər biri 1,4 metr olan 492 altıbucaqlı seqmentdən ibarət olacaq. İlk elmi müşahidələrə növbəti onilliyin ikinci yarısında başlamaq planlaşdırılır. Rəsədxananın planlaşdırılan istismar müddəti 50 il təşkil edir.
 
Perspektivdə 30 metrlik teleskop kainatın müxtəlif obyekt və strukturları haqqında vacib məlumatlar toplamağa imkan verəcək. “Hubble Space Telescope” teleskopu ilə müqayisədə yeni rəsədxana vasitəsilə əldə ediləcək təsvirlər təxminən 10-12 dəfə dəqiq olacaq.
 
Nizam Nuriyev





12/07/19    Çap et