İlk kompüter parolunun ixtiraçısı vəfat edib
Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews
www.3dnews.ru” resursuna istinadən yazır ki, Massaçusets Hesablama Mərkəzinin əməkdaşı olan F.Korbato 1950-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsini, 1956-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini alıb. 1962-ci ildə dosent olan alim 1965-ci ildə professor vəzifəsinə qədər yüksəlib. 1974-1978-ci və 1983-1993-cü illərdə kompüter elmləri və mühəndislik kafedrasının müdir müavini vəzifəsində çalışıb.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı istifadəçi hesablarının parolla qorunması konsepsiyasını 1961-ci ildə mütəxəssislər qrupu ilə birgə bir neçə adama eyni anda kompüterdən istifadəyə imkan verən vaxtın bölünməsi ideyası (Compatible Time-Sharing System, CTSS) əsasında proqram paketinin hazırlanması zamanı yaradıb.
F.Korbato 1990-cı ildə vaxt və resursların ayrılması ilə ümumi təyinatlı kompüter sistemlərinin hazırlanmasına verdiyi böyük töhfəyə görə “Turing Award” mükafatına layiq görülüb.
Bu, alimin yeganə yeniliyi olmayıb. “CTSS” sistemindən eyni anda istifadə modeli kompüter cavablarının gözləmə vaxtını saatlardan saniyələrədək azaltmaqla texnologiyanı daha praktik edib. Onun “Multics time-sharing system” sistemi isə “Linux” kimi gələcək əməliyyat sistemləri üçün əsas rolunu oynayıb.
Nizam Nuriyev