Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb
Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çatıb. Tələbatın yüksəlməsinin səbəblərindən biri “ticarət müharibələri”nə görə gözlənilən qiymət artımıdır. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance
www.vestifinance.ru” resursuna istinadən yazır ki, tədqiqata görə, bu artım təklifin kəsirinin azalması və yaxınlaşan ticarət gərginliyi səbəbindən gözləniləndən xeyli çoxdur.
“Bundan başqa, tariflərin artması təhlükəsi bir sıra fərdi kompüter istehsalçılarını izafi fərdi kompüter və noutbuk tədarük etməyə məcbur edərək ikinci rübdə fərdi kompüter bazarını süni şəkildə dəstəkləyib”, – tədqiqatlar üzrə menecer Citeşa Ubrani bildirib.
“Lenovo” şirkəti tədarük həcminə görə birinci yeri tutub – satış artımı 18,2 faiz olmaqla 16,254 milyon qurğu təşkil edib (bazar payı 2018-ci ilin ikinci rübündəki 22,2 faizdən 25,1 faizədək artıb).
İkinci yerdə 3,2 faiz tədarük artımı ilə fərdi kompüterlərin sayını 15,356 milyona çatdıran (bazar payı 24 faizdən 23,7 faizədək azalıb) “HP” şirkəti qərarlaşıb.
Üçüncü pillədə tədarükü 3,1 faiz artaraq 11,606 milyon fərdi kompüter (bazar payı 18,2 faizdən 17,9 faizədək azalıb) təşkil edən “Dell Technologies” yer alıb.
Tədarük həcmi 1,7 faiz azalaraq 4,288 milyon (bazar payı 7 faizdən 6,6 faizədək azalıb) olan “Acer Group” dördüncü mövqe ilə kifayətlənib.
“Apple” şirkəti ən böyük tədarükçülər beşliyini tamamlayıb: onun tədarükü 9,6 faiz artaraq 4,077 milyon ədədə çatıb (bazar payı 6 faizdən 6,3 faizə yüksəlib).
Nizam Nuriyev