ABŞ Federal Ticarət Komissiyası (US Federal Trade Commission, FTC) fərdi istifadəçi məlumatlarının sızmasına görə “Facebook” şirkətini 5 milyard dollar cərimələyib. Bu barədə antiinhisar orqanın saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Novayagazeta” resursuna istinadən yazır ki, hakimiyyətlə bağlanan saziş çərçivəsində şirkət təsisçisi Mark Sukerberq istifadəçilərin fərdi məlumatlarının mühafizəsinə görə şəxsən məsuliyyət daşıyır. Şirkət tərəfindən məxfilik qaydalarının pozulacağı təqdirdə M.Sukerberq cinayət məsuliyyətinə də cəlb oluna bilər.
Məlumata görə, 5 milyard dollar məbləğində cərimə ABŞ Federal Ticarət Komissiyasının tarixində rekord olub. Bununla yanaşı, cərimə şirkətin maliyyə vəziyyətinə təsir etməməlidir. Sazişin bu şərtinə görə komissiya üzvlərinin üçü lehinə, ikisi isə əleyhinə səs verib.
Komissiya “Facebook” ilə bağlı araşdırmalara ötən ilin aprelində başlayıb. Buna səbəb isə ABŞ Prezidenti Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edən Böyük Britaniyanın “Cambridge Analytica” analitik şirkəti tərəfindən seçicilərin siyasi üstünlüyünün analizi üçün 87 milyon istifadəçi məlumatının qanunsuz toplanılması ilə bağlı informasiyanın yayılması olub.
Nizam Nuriyev