“Google” şirkətinin sahibi olan ABŞ-ın “Alphabet” holdinqinin stratosferdə hərəkət edən aerostatlar vasitəsilə kənd yerlərinin və ucqar regionların sakinlərinin internetə çıxışının təmini üçün yaradılan “Loon” törəmə müəssisəsi yeni uğura imza atıb. Belə ki, şirkətin hava şarları 18 km hündürlükdə 1 milyon saatdan çox vaxt keçirərək bu müddət ərzində 40,1 milyon km məsafə qət ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, aerostatlar vasitəsilə planetin ucqar regionlarının əhalisinin internetlə təmini texnologiyası artıq test mərhələsindən keçib. İyulun əvvəlində şirkət yaxın vaxtlarda Şərqi Afrika dövləti Keniyada böyüklüyünə görə ölkənin üçüncü şirkəti olan “Telkom Kenya” ilə birgə hava şarlarının köməyi ilə internet layihəsini istifadəyə verəcəyi ilə bağlı planlarını açıqlayıb.
Bildirilir ki, “Loon” aerostatları 2017-ci ildə “Mariya” qasırğasının nəticələrindən ziyan çəkən Puerto-Rikoda mobil rabitənin bərpasına kömək ediblər.
Qeyd edək ki, “Project Loon” proqramı çərçivəsində “Google” şirkəti günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürəti ilə eyni səviyyədə olacaq.
“Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şarı havaya buraxıb.
2017-ci ilin fevralında “Project Loon” mütəxəssisləri dünyada “Loon” hava şarları vasitəsilə internet şəbəkəsinin yaradılması ideyasından imtina edərək konkret regionların internetlə təmini üçün istifadə ediləcək azsaylı hava şarları ilə məhdudlaşmaq qərarına gəliblər. Mühəndislər bunun üçün kompüter təliminin köməyi ilə “Loon” hava şarlarına müxtəlif hava axınları arasında hərəkət etməklə lazımi ərazidə qalmağa imkan verən alqoritm yaradıblar.
Aerostatlar “Google” tərəfindən simsiz interneti qurmaq üçün ən sadə və ən ucuz üsul olması səbəbindən seçilib. Mürəkkəb infrastruktur yaratmaq və dağlarla, eləcə də Yer kürəsinin digər ucqar yerləri ilə kabellər çəkmək əvəzinə, belə üsulla planetin hazırda internetə çıxış imkanından məhrum olan əhalisinin 2/3 hissəsini şəbəkəyə qoşmaq mümkün olacaq.
Nizam Nuriyev